Obaku sektası (黄檗宗, Obaku-şu?) – Yaponiyada RinzaySoto sektalarından sonra ən böyük üçüncü Zen buddizmi sektası. XVII əsrin ortalarından Çindən miqrasiya etmiş rahiblər tərəfindən qurulduqdan 50 il sonra populyarlığının pik həddinə çatmış, ondan sonra təsiri zəifləmişdir.[1]

Obaku sektasının baş məbədi Manpuku məbədi.

Tarixi

redaktə

1644-cü ildə Min sülaləsi mancurların işğalına məruz qaldıqdan sonra rahib İtsunen Şoyu Yaponiyaya miqrasiya etmişdir. O, həmin dövrdə Yaponiyada əcnəbilərin daxil olmasına icazə verilən yeganə yer olan, Çin tacirlərinin bir neçə Çin məbədinin hamisi olduğu Naqasakidə məskunlaşmışdır. O, üç dəfə Zen sektasının lideri İnqen Ryukini Yaponiyaya dəvət etmişdir. Nəhayət 1654-cü ildə İnqen Ryuki 20 rahib və 10 sənətkarla Yaponiyaya gəlmişdir.[1]

Şoqun Tokuqava İetsuna ilə görüşəndən sonra İnqenə Kioto yaxınlığında yerləşən Uci dağında böyük məbəd kompleksi tikməyə icazə verilmişdir. İnqen Futszyanda tərk etdiyi dağ və məbədin şərəfinə dağa Obaku, məbədə isə Manpuku məbədi adını vermişdir.[1]

Xüsusiyyətlər

redaktə

Min buddizmi ilə oxşarlıq təşkil edən Obaku buddizmi Təmiz torpağın buddizmi və Zen praktikasının ezoterik sektalarının elementlərini özündə birləşdirir. Obaku sektasında nembutsu praktikası (Buddanın adını dayanmadan demək) geniş yayılmışdır. Bəziləri Obaku sektasını Rinzay sektası ilə yaxınlaşdırsa da, ayrı-ayrı sektalar hesab olunur.[1]

Obaku rahiblərinin yapon rəssamları və alimləri üzərində böyük mədəni təsiri olmuşdur. Obaku rahibləri Min mədəniyyətinin adətlərini və təchizatlarını Yaponiyaya gətirmiş, izolyasiya şəraitində olan Yaponiyada böyük marağa səbəb olmuşdurlar. Obaku rahiblərinin ən böyük təsiri xəttatlıq sahəsində baş vermişdir. İnqen Ryuki, eləcə də, şagirdləri MokuanSokuhi Obaku sektasının "üç fırçası" kimi tanınmışdır. Çindən immiqrasiya etmiş və Naqasakidə Obaku sektasını qəbul etmiş şair Dokuryu fırça sənətində usta olmuş, tibblə məşğul olmuşdur.[1]

Müasir dövrdə Manpuku məbədi Obaku sektasının baş məbədi hesab olunur və Min dövrünün məbəd memarlığını əks etdirir.[1] Sekta iki qola bölünür: Obaku qolunun 120 min, Guze qolunun 5 min təqibçisi var.[2]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan. səh. 47
  2. Frédéric. səh. 731

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 47. ISBN 0-87011-626-6. İstifadə tarixi: 5 iyun 2024.
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 731. ISBN 9780674017535. İstifadə tarixi: 5 iyun 2024.