Pipistrellus pipistrellus

məməli növü

Pipistrellus pipistrellus (lat. Pipistrellus pipistrellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin pipistrellus cinsinə aid heyvan növü. Kütləsi 3,3–8,7 q, bədəninin uzunluğu 32,0–45,0, bazusu 27,0–35,0 mm-dir. Sıx qəhvəyi xəz örtüyü vardır.

Pipistrellus pipistrellus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yayılması

redaktə

Arealı Avrasiyanı əhatə edir. Azərbaycanın ən geniş yayılmış və çoxsaylı yarasalarından olub bütün il boyu rast gəlinir. 2000 m-ə hündürlükdə bütün landşaftlarda və aqrosenozlarda qeydə alınmışdır. Maksimal sayı (1 km2-də 300–1000 fərd) düzənlik və dağlıq meşə senozlarında və ya onları əvəz edən antropogen landşaftlarda müşahidə edilir. Açıq arid vilayətlərdə və 2000 m-dən hündür dağlarda nadirdir.

Yaşayış yeri və həyat tərzi

redaktə

Sığınacaqlar başlıca olaraq tikililər (xüsusən yay dövründə), eləcə də qaya yarıqları, ağac boşluqları ilə bağlıdır. Çoxalan dişilərin sığınacaqlarında günlük temperatur 15–40 °C hüdudlarında tərəddüd edərək sübh saatlarında minimuma, günorta isə maksimuma çatmışdır. Ağacların qabığı altında temperatur aşağıdır. Ancaq heyvanların sıx kütləsi sayəsində lazımi səviyyədə saxlanır. Qışda qaya yarıqlarında fərdlərin olduğu yerlərdə gündüz vaxtı temperatur 7 C-yə yaxın (4–9), gecələr isə xüsusən şaxta zamanı aşağı olmuşdur. Bu halda heyvanlar çox zaman tələf olurlar. İlk bahardan payızın sonlarınadək erkəklər təkbaşına hər cür yarıqlarda, qışda isə dişilərlə birlikdə yaşayırlar.

Yay yığımlarında cırtdan sayı bir neçədən 10 minə qədər çatır. Lənkəran ovalığının yaşayış məskənlərində xüsusilə böyük koloniyalar olur.

Gündəlik fəallığı

redaktə

Yarasalar arasında havada birinci olaraq günəş batandan 10–35 dəqiqə sonra, 100 lüksə yaxın işıqlanma zamanı görünürlər. Günəşin düzənliklərə nisbətən daha tez batdığı çay vadilərində, dərələrdə, dağlıq vilayətlərdə onlar 10–20 dəqiqə əvvəl uçurlar. Yazda və payızda sığınacağı daha çox birlikdə və tez (koloniyanın böyüklüyündən asılı olaraq 15–30 dəqiqə ərzində), yayda isə, xüsusən balalar doğulandan sonra daha ləng tərk edirlər. Bu müddət doymuş dişilərin qayıtması ilə üst üstə düşür. Bunun nəticəsində sığınacağın yaxınlığında bütün gecəni uçuşaraq sığınacağa yalnız şəfəq sökülərkən, günəşin çıxmasına 20–45 dəqiqə qalmış – havada ilk quşlar görünərkən girirlər.

Çoxalması və inkişafı

redaktə

Cütləşmə payızda baş verir. Lakin artıq avqustun sonlarında erkəklərin toxumluqları böyümüş olur. Dişinin balalığında adətən oktyabrda sperma müşahidə edilir. Onlar cinsi yetkinliyə həyatın ilk payızında, erkəklər isə ikinci il çatırlar. Boğazlığın əvvəli başlıca olaraq aprelin sonuna, balavermə isə iyuna (ayın ortasında zirvəyə çatır) təsadüf edir. Eyni koloniyalarda balaların balavermə dövrü 15–20 gün ərzində baş verir. Rüşeymlərin sayı çox vaxt 1-dən artıq, nadir hallarda isə hətta 3 olur. Şimal-şərq vilayətindən (Nabran) tədqiq edilmiş əksər dişilərdə 1 rüşeym və ya yeni doğulmuş, cənub-şərq (Lənkəran), Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ) fərdlərində isə 2 bala olmuşdur. Qısırların sayı cüzidir (5%-dən az). Cavanlar arasında cinslərin nisbəti demək olar ki, bərabərdir. Yaşlılar arasında yayda iri balaçıxarma koloniyalarında yığışmış dişilər üstünlük təşkil edir. Qışda birgə məskənlərdə balans gah bir, gah o biri tərəfə hərəkət edir. Balaların inkişafı sürətlə baş verir: 2–3 gündən sonra göz yarıqları açılır, ilk ongünlüyün sonunda tüklər bədənlərini sıx örtür, 9–14 günlüyündə dişləri çıxaraq, 16–20 günlüyündə tamamilə formalaşır. Həyatın birinci ayı ərzində ən yüksək böyümə tempi traqus, qulaqlar və bazular üçün qeydə alınmışdır (böyüklərinkinin 92/100%-i). Müstəqil həyata keçid anında çəkisi 3,0–4,5 q (38 fərd üçün ortalama 3,5±0,4), bazularının uzunluğu isə 27,5–31,5 mm (29,9±0,41) olmuşdur. Başqa yarasalarda olduğu kimi Pipistrellus pipistrellus dişiləri də öz balalarını yüzlərlə yadlar arasında tanıyır və özgələrini yemləmir. Hər dəfə ovdan qayıdan ana körpəsini (və ya körpələri) qoyduğu yerə qayıdır, onu tapıb yalayır, döşünü ağzına verir, sonra isə qanad pərdələrinə bükür. İlk 10 gün balalar vaxtın çox hissəsini anaları ilə keçirir. Sonralar onlar analarının yanında yerləşir, yaxud ayrı-ayrı qruplar əmələ gətirir. 5-ci gün cavan fərdlər cəld hərəkət edərək anzların döşünü tapa bilirlər. 20 günlüyə yaxın yaşda uçmağa və həşəratları tutmağa başlayırlar. İyulun sonu-avqustda balaçıxarma koloniyaları dağılır. Koloniyaları ilkin olaraq tüklərini dəyişmiş dişilər tərk edir. Avqust-sentyabda kiçik qrupları qısa müddətə ayrı-ayrı tikililərdə görünürlər. Başqa aylarda bu yerlərdə onlara rast gəlmək olmur. Payızda yığınlar adətən müxtəlif cinsli və yaşlı heyvanlardan ibarət olur. Yaşlı erkəklərin tük dəyişməsi iyun-iyulun əvvəlində, dişilərinki südvermənin kəsilməsindən asılı olaraq iyulda, cavanlarınkı iyulun ikinci yarısı-avqustda baş verir. Müxtəlif yerlərdən tutulmuş çoxalan dişlərin tərkibi 1–3 yaşlı heyvanların təşkil etdiyini göstərir (64,3–89,0%). Nəzərdən keçirilən koloniyalarda 3 yaşından yuxarı dişilər 11,0–35,7% təşkil etmişdir. Dişilərin orta yaşı 2,0–2,9 il, maksimal yaşı 6, erkəklərdə 4 il olmuşdur.

Qidalanması

redaktə

Sığınacaqdan uçmuş fərdlər əvvəlcə yaxınlıqda yemlənərək tədricən uzaqlaşır və gözdən itirlər. Çox vaxt yaşayış məntəqələri hüdudlarında (xüsusən fanarların yaxınlığında, su hövzələri üzərində, ağacların arasında), yaxın bağlarda, tarlalar və plantasiyalar üzərində, meşə talarında və kənarlarında, çay vadilərində ov edirlər. Bu yarasaların qidasında xırda böcəklər (şıqqıldaqlar, vizilcəklər, yumşaqbədənlər, yarpaqyeyənlər, uzunburunlar və s.), sikadkimilər, atəşböcəklər, qarışçılar, sovkalar, güvələr, uzunayaqlar, ağcaqanadlar, hünülər, məryəmqurdları və s. üstünlük təşkil edir. Əsas mədəni landşaftlarda və aqrosenozlarda çoxsaylı olduqlarından qansoran və bitkiyeyən həşəratların Böyük və Kiçik Qafqaz, Talış, Xəzəryanı ovalıq ərazisində kütləvi şəkildə məhv edilməsində böyük rol oynayırlar.

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

redaktə