Xüsusi nisbilik nəzəriyyəsi

Xüsusi nisbilik nəzəriyyəsi — bütün ətalət sistemlərində məkan və zamanın maksimum bircinsliyinə əsaslanır. Məkan-zamanın maksimum bircinsliyinə görə: 1) bütün fəza nöqtələri eyni hüquqludur, yəni hər fiziki prosesi eyni şəkildə fəzanın istənilən nöqtəsində icra etmək mümkündür; 2) fəza izotropdur, yəni hər hansı fiziki proses bir-birinə nəzərən müxtəlif istiqamətlərdə yönəlmiş sistemlərdə (və ya cihazlarda) eyni şəkildə gedir; 3) hər hansı fiziki prosesi eyni şəkildə istənilən vaxt təkrar etmək olar (zaman sürüşməsi). Məkan və zaman maksimum bircinsliyi yalnız qravitasiya effektləri nəzərə alınmadıqda doğru olur. Xüsusi nisbilik nəzəriyyəsi hərəkət edən mühitin elektrodinamikası qanunlarındakı ziddiyyətlərin həlli, xüsusən, işığın aberrasiyası, onun hərəkət edən mühitdə yayılması, Yerin efirə nəzərən hərəkətinin təyin edilməsindəki uğursuzluqların (Maykelson təcrübəsinin mənfi nəticəsi) izahı prosesində yaradılmış və Albert Eynşteyn onu iki postulat şəklində ifadə etmişdir: a) fiziki proseslər (işıq, elektromaqnit, istilik, mexaniki və s.) bütün ətalət sistemlərində özlərini eyni cür aparır, yəni bu prosesləri ifadə edən diferensial tənliklər bütün ətalət sistemlərində eyni şəklə malikdir (tənliklər invariant, kovariant qalır). Bu postulat Eynşteynin nisbilik prinsipi adlanır. Qalileo Qaliley onu mexanika qanunları üçün ifadə etmişdir; b) işıq (və ya elektromaqnit dalğası) vakuum da bütün ətalət sistemlərində və bütün istiqamətlərdə eyni sürətlə yayılır.

Həmçinin bax

redaktə